Biznes də Bidzina İvanişvili rejiminə ultimatum təqdim edib. 225-dən çox şirkət “Gürcü arzusu”ndan yeni ilə qədər yeni seçkilər təyin etməyi və məhbusları həbsxanalardan azad etməyi tələb edir. Azad biznes nümayəndələri bir neçə saat əvvəl dərc olunan birgə müraciətdə böhranın partiya siyasətindən kənara çıxdığını və bütün ölkəni sosial və iqtisadi risk altına atdığını yazır.
“Mövcud böhran partiya siyasətinin hüdudlarından kənara çıxıb və bu da ölkəni qaçılmaz sosial və iqtisadi risk qarşısında qoyur. Vəziyyəti mümkün qədər tez aradan qaldırmaq lazımdır. Gərginliyi azaltmağın ən praqmatik yolu yeni seçkilər təyin etmək və son proseslər zamanı həbs olunan insanları yeni ilə qədər azad etməkdir. Biz, gürcü biznesinin nümayəndələri, siyasi üstünlüklərimizdən asılı olmayaraq, ölkənin taleyi və onun dönməz inkişafı üçün məsuliyyət daşıyırıq, bu çağırışı və bəyanatı imzalayırıq, – bəyanatda deyilir.
“Arsi” şirkətinin rəhbəri İrakli Rostomaşvili birbaşa deyir ki, biznesin əsas tərəfdaşları avropalılardır və onlar investisiyanı dayandırsalar, işçilərin 75%-i işsiz qalacaq. Biznes nümayəndəsi digər təhlükələrdən, o cümlədən larinin devalvasiyası və əhalinin alıcılıq qabiliyyətinin azalmasından da danışır.
“Bizim əsas tərəfdaşlarımız həmişə avropalılar olub, yəni indi belə qərar, sıfırdan başlamaq deməkdir. İqtisadi təhlükə ondan ibarətdir ki, mənim tərəfdaşlarım Avropadan investisiya qoymağı dayandıracaqlar. Yəni, sadə dillə desək, bu gün bizdə 1000 nəfər işlə təmin olunursa, bu rəqəm 4 dəfə azalsa, 75% adam işsiz qalacaq, bununla belə valyuta axını olmayacaq və ona görə də lari üçün çox çətin olacaq, günü – gündən dəyərini itirir. Alıcılıq qabiliyyəti olan ailələrin sayı azalacaq. İstənilən böhran vəziyyətində növbədənkənar seçkilər keçirilir – “Arsi” şirkətinin rəhbəri İrakli Rostomaşvili deyir.