Bir neçə gün əvvəl İstanbulda 70 kiloqram qızılla tutulduğu iddia olunan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin hərbi attaşesi Qəhrəman Məmmədov Bakıya gətirilərək barəsində cinayət işi başlanıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittihamlar irəli sürülüb.
Onun işi Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılır. DTX müstəntiqinin vəsatəti və prokurorun təqdimatı ilə noyabrın 25-də axşam saat 20.00 radələrində Bakı Hərbi Məhkəməsində Qəhrəman Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılıb.
Təqsirləndirilən şəxs təqdimata etiraz edib, təmin olunmamasını istəyib.
Azərbaycan Respublikasının Hakimi Camal Ramazanov təqdimatı təmin edərək, istintaq getdiyi müddətdə onun həbsdə qalmasına qərar verib.
Polkovnik leytenant Qəhrəman Şamil oğlu Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Daha sonra Səudiyyə Ərəbistanına göndərilib. O, hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyində işləyib.
Qəhrəman Məmmədovun diplomatik toxunulmazlıq hüququndan istifadə edərək, qızılı sərhəd keçidlərində yoxlanışdan kənar daşıdığı iddia edilir.