“Kriptovalyuta işi” üzrə mühakimə olunan Bidzina İvanişvilinin keçmiş “şəxsi maliyyəçisi” Qiorqi Baçiaşvilinin amerikalı vəkili gizlənən Qiorqi Baçiaşvilinin həyatının təhlükədə olduğu barədə “iki ölkənin kəşfiyyat orqanlarına əsaslanaraq” etibarlı məlumata malik olduğunu bildirir.
Baçiaşvili martın 2-də gizli şəkildə Gürcüstanı tərk edib – son təyinat yeri məlum olmasa da, ilk səfəri Ermənistana olub. Martın 10-da o, Bidzina İvanişvilinin şikayəti əsasında açılmış iş üzrə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Əvvəllər məşhur Yukos işində Vladimir Putinə müxalif olan rusiyalı iş adamı Mixail Xodorkovskinin maraqlarını təmsil edən Robert Amsterdam aprelin 23-də yaydığı bəyanatda Baçiaşvilinin həyatının təhlükədə olduğunu bildirib, lakin o, məlumatı hansı ölkələrin kəşfiyyat orqanlarının verdiyini açıqlamayıb.