Rustaveli prospektində keçirilən etiraz aksiyaları zamanı xüsusi təyinatlılar tərəfindən saxlanılan Revaz Kiknadze müvəqqəti təcridxanadan məktub dərc edir.
Gənc yazır ki, onu qanunsuz həbs ediblər və ondan müxalifət siyasətçiləri tərəfindən maliyyələşdirildiyini və onların işlərini gördüyü barədə yalan danışmasını tələb ediblər.
Revaz Kiknadze məktubda belə bir faktın baş vermədiyini qeyd edir və etiraz əlaməti olaraq aclıq aksiyası elan edir.
“Mən bu məktubu istintaq təcridxanasından yazıram. Məni qanunsuz həbs ediblər. Məndən yalan danışıb, adamların adını çəkməyimi istədilər, guya mənə sponsorluq edirlər, mən onların işlərini görürəm. Məndən Caparidze, Xoştariya, Qvaramiya və başqa şəxslərin adını çəkməyimi tələb etdilər. Heç bir şəkildə heç kimin adını çəkə bilmərəm, çünki buna bənzər bir şey olmayıb. Mən aclıq aksiyası elan edirəm. Biz bu döyüşdə birlikdə qalib gələcəyik”, – Kiknadze məktubda yazır.
Məlumat üçün bildirək ki, Revaz Kiknadze bu gün, dekabrın 6-da həbs edilib.