“Bu gün sorğu çəkirdim şəhərdə.
Deməli, insanlara yaxınlaşıram, söhbət edirəm. Görürəm ki, camaatın səsi necə aşağı tona düşüb, ümidləri öləziyib, qamətləri əyilib, gözlərindəki qorxu dərinləşib.
Məsələn, biri kamera qarşısında danışmaqdan imtina edir, uzaqlaşır. İki addım gedən kimi kənardan “amma bilirsiniz də, narazıyıq” deyir.
Yaşlı bir kişi danışır. Baxıram ki, əynində nimdaş bir paltar, əlində bir sellofona yığılmış iki-üç alma, ayağında rəngi solmuş ayaqqabı, amma deyir ki, “Bu günə şükür. Allah prezidentimizə uzun ömür versin. Əsas odur ki, torpaqlarımızı geri qaytarıb”. Qorxur. Narahatdır. Dəqiq bilirəm ki, vəziyyəti yaxşı deyil. Amma yenə çəkinir. “Allah prezidentimizə uzun ömür versin” deyir, özünü təhlükədən sığortaladığını düşünür.
Başqa bir qadına yaxınlaşıram. Uzağı 50-55 yaşındadır. Koftasının uzun yaxalığı ilə ağzını örtüb. Çünki, dişlərinin görünüşündən utanır. İmkanı yoxdur həkimə getsin, dişlərini düzəltdirsin. Deyir, mənim pulum yoxdur ki, buradan avtobusla gedib qızımı, oğlumu görüm.
Danışdıqca səsi titrəyir, əli əsir. Başa düşürəm ki, düşdüyü vəziyyətin çətinliyindən danışmağa öyrəncəli deyil, utanır. Ürəyimdən keçir ki, cibimdən bir 10 manat çıxardım və deyim get, uşaqlarını gör. Üzrlü say, gücüm buna çatır.
Amma deyə bilmirəm. Onu bir az da utandıracağımdan ehtiyat edirəm. Utanmalı olanın o yox, onu bu hala salan, bu qədər ehtiyac içində yaşamağa vadar edən hökumətin olduğunu izah etməkdə acizlik çəkirəm.
“Allah köməyiniz olsun, ay xala”, – deyib, naəlac sağollaşıram.
Yazıq sözündən heç xoşum gəlmir. Bu sözü eşidəndə beynimin içində problemlərdən, çarəsizlikdən balacalaşmış, ən ağır işlərdə işləsə belə, “birdən qovarlar” qorxusu ilə səsini çıxara bilməyən, gözünün yaşı ovucunun içində olan adamlar canlanır.
Bax, bizim xalq belə yazıq vəziyyətindədir. Hamısını balaca uşaq kimi qorxudublar. Necə ki, həkimə sağlamlıqlarının ən pis vaxtında gedirlər, şikayətlərini də artıq itirməyə heç nə qalmayanda dilə gətirirlər – daha əvvəl itirməklərinə elə bu susqunluğun səbəb olduğunun düşünmədən.
Ürəyim ağrıyır bu adamlara. Heç kim bu qədər yazıq vəziyyətinə düşməməlidilər. Küçədə gördüyüm, mikrafon uzatdığım insanların ağlanımsınan səs tonlarını eşitmək əsəblərimi tarıma çəkir.
İstəyirəm hamısının əvəzindən etiraz edim, hamısının yerinə bağırım ki, bəsdirin, imkan verin yaşayaq!” – jurnalist Fatimə Mövlanlı yazır.