Birləşmiş Ştatlar dekabrın 10-da Ukraynaya 20 milyard dollar kredit verib. Kredit dondurulmuş Rusiya aktivlərindən əldə edilən faizlər hesabına verilib. Bu ilin yayın əvvəlində Böyük Yeddilər qrupu dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya kredit verilməsi üzrə razılığa gəlmişdi.
Bayden administrasiyası yeni seçilmiş prezident Donald Trampın ABŞ-ın Ukraynaya dəstəyini davam etdirib-etdirməyəcəyi ilə bağlı narahatlıq fonunda krediti ilin sonuna qədər çatdırmağı vəd etmişdi.
Yanvarın 20-də vəzifəyə başlayacaq Tramp dəfələrlə ABŞ-ın Ukraynaya yardımını həcmini tənqid edib, eyni zamanda “lend-liz” proqramını dəstəkləyəcəyini bildirib.
Artıq üçüncü ildir ki, Rusiyanın işğalını dayandırmağa çalışan Ukrayna, ABŞ və Avropanın hərbi və maliyyə yardımından olduqca asılıdır. ABŞ-ın Ukraynaya beşinci dəfə ayırdığı 61 milyard dollarlıq yardım paketi çox güman ki, gələn ilin əvvəlində tükənəcək.
G7-nin ümumi məbləği 50 milyard dollarlıq krediti Ukraynanın özünü müdafiə etmək üçün kifayət qədər vəsaitə və silaha malik olmasını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir.
ABŞ-ın maliyyə naziri Canet Yellen dekabrın 10-da verdiyi açıqlamada deyib ki, “Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gözlənilməz gəlirlər hesabına ödənilən bu vəsaitlər Ukraynanı əsassız işğalçı müharibədən müdafiədə mühüm dəstək verəcək”.
Yellen həmçinin əlavə edib ki, G7-nin kreditləri “Ukraynanın fövqəladə xidmətlər, xəstəxanalar və cəsarətli müqavimətinin digər əsaslarını davam etdirmək üçün lazım olan resurslara sahib olmasını təmin etməyə kömək edəcək”.
Dondurulmuş Rusiya aktivlərindən istifadənin ən yaxşı yolu ilə bağlı uzun aylardır danışıqlar aparılırdı.
Xəzinədarlıq bildirib ki, Vaşinqton Dünya Bankının fonduna 20 milyard dollar köçürüb və bu, pulu Ukraynaya təqdim edəcək.