ABŞ-ın Cənubi Kaliforniya ştatının Fullerton şəhərində ən azı 200 nəfərin işlədiyi mebel istehsalı binasına kiçik təyyarə düşüb. Nəticədə 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
Mövcud məlumata görə, ölənlər təyyarədə, yaralılar isə binanın içərisində olub.
Yerli polisin məlumatına görə, 11 nəfər xəstəxanaya çatdırılıb, 8 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.
Uçuşların monitorinqi ilə məşğul olan FlightAware saytının məlumatına görə, təyyarə Fullerton Bələdiyyə Hava Limanından qalxdıqdan 2 dəqiqə keçməmiş binaya çırpılıb.
Fullerton polisinin sözçüsü Kristi Vellsin sözlərinə görə, polis və yanğınsöndürənlər hadisə yerinə müdaxilə edib və ətrafı təxliyə ediblər.
Təyyarənin toqquşduğu bina mebel üzlükləri istehsalı ilə məşğul olan Michael Nicholas Designs şirkətinə məxsus idi.
Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma aparır. Administrasiyanın məlumatına görə, təyyarə Van’s Aircraft RV-10 modeli olub. ABŞ Nəqliyyat Təhlükəsizliyi Şurası da araşdırma aparır.