ABŞ Helsinki Komissiyası Gürcüstanın birpartiyalı parlamentinin təsdiq etdiyi hökumətin qeyri-legitim olduğunu bəyan edən bəyanat yayıb. Eyni zamanda, komissiya dinc nümayişin zorakılıqla dağıdılmasını pisləyir və onun gürcü xalqının yanında olduğunu bildirir.
“Cümə axşamı günü gürcülər „Gürcü Arzusu” Partiyasının AB üzvlüyünün dayandırılması ilə bağlı elan etdiyi qərara etiraz etmək üçün Tbilisi və bütün ölkənin küçələrinə çıxdılar. Bu dinc etirazlar həddindən artıq zorakılıqla qarşılandı. Biz bu hərəkəti qətiyyətlə pisləyirik.
“Gürcü arzusu” hökumətinin hakimiyyəti saxlamaq və gürcü xalqının Avro-Atlantik inteqrasiyaya dair birmənalı istəklərini bir daha rədd etmək üçün oktyabr seçkilərini saxtalaşdırdığına dair tutarlı sübutlar var.
Bu həftə “Gürcü Arzusu” müxalifətin tam boykotu ilə yanaşı yeni hökuməti də təsdiqləyib. Ona görə də bu faktiki hakimiyyət qeyri-legitimdir.
Biz gürcü xalqının yanındayıq və həm indiki, həm də gələcək administrasiyaları gürcüləri öz ölkələrinə demokratiya və azadlığı qaytarmaq uğrunda apardıqları mübarizədə sədaqətlə dəstəkləməyə çağırırıq. ABŞ Dövlət Departamenti gürcülərin dinc etiraz hüququnu və öz liderlərini seçmək hüququnu pozanları cəzalandırmaq üçün addımlar atmalıdır”, – bəyanatda deyilir.