“Telegram”-ın rəhbəri Pavel Durov beş milyon avro depozit qarşılığında zaminə buraxılıb.
Neytral.ge xəbər verir ki, Rusiya əsilli “Telegram” rəhbəri Pavel Durov sosial media və mesajlaşma proqramında mütəşəkkil cinayətlə bağlı aparılan istintaq çərçivəsində Fransada saxlanılmışdı.
Ona qarşı irəli sürülən ittihamlar arasında narkotik maddələrin yayılmasında və uşaq pornoqrafiyasında iştirak etmək də var.
Fransa qanunları 96 saata qədər həbsə icazə verir. Bundan sonra məhkəmə təqsirləndirilən şəxsin azadlığa buraxılması və ya ona ittiham irəli sürülməsi, lazım gələrsə, onu həbsdə saxlaması barədə qərar verməlidir.
Paris prokuroru Laure Beccuau açıqlamasında bildirib ki, əllərində Durovla bağlı araşdırma başlatmaq üçün kifayət qədər əsas var.
İttihamlar arasında qeyri-qanuni əməliyyatlara imkan verən onlayn platformanın idarə edilməsində şübhəli iştirak, uşaqların cinsi istismarı, narkotiklərin qanunsuz dövriyyəsi və fırıldaqçılıq, o cümlədən səlahiyyətlilərə məlumat ötürməkdən imtina, çirkli pulların yuyulması və cinayətkarlara kriptoqrafik xidmətlərin göstərilməsi daxildir.
Durovun vəkili David-Olivier Kaminski AFP xəbər agentliyinə bildirib ki, onun proqramda törədilmiş hər hansı cinayətdə iştirak edə biləcəyini söyləmək “absurddur” və o əlavə edib: “Telegram rəqəmsal texnologiya ilə bağlı Avropa qaydalarına hər cəhətdən uyğundur”.