Biz artıq boşluğumuzu və haraya getməli olduğumuzu da bilirik – Tozu Gülməmmədli


Gürcüstanın müstəqllik tarixi irili, xırdalı dönüş nöqtələri ilə zəngindir. Fikrimcə, “Rus qanunu” prosesi bunların içərisində ən mühümüdür. Bunun bir çox səbəbi var. Təbii ki, bu mənim nəzər nöqtəmdən görünənlərdir, amma həm də unutmaq olmaz ki, “Rus qanunu” prosesi bizim yox, hökumətin başlatdığı işdir. Əgər İvanaşvili hakimiyyəti parlamentə “Xarici agentlər haqqında” qanun layihəsini çıxarmasaydı, böyük ehtimalla, bizim bu gün şahidlik etdiyimiz bir çox hadisələr də olmayacaqdı. Ya da formatı, tərkibi, məqsədi fərqli olan ayrı bir prosesin şahidi olacaqdıq. Yəni mənim indiki mövqeyimdən 2024-cü ilin son günlərindən hadisələrə qiymət verərkən bir anlıq düşünürəm və doğurdan da bu günü “Rus qanunu” avantürasından bir həftə əvvəl təsəvvür etmək çox çətin olardı.

Beləliklə, “Rus qanunu” etirazları arealına görə bütün Gürcüstanı əhatə edə bildi. Ortaya çox dəqiq tablo, cavab çıxdı- İSTƏMİRİK! Çünki Kremlin himayəsində keçmiş 70 ilin haqq-hesabını çəkmək üçün vaxtımız olub. Üstəlik, Avropa ilə qısa zamanda olan əlaqələrimiz də bizə kömək edib ki, müqaisə edə bilək. Görək ki, Rusiya ilə yaxın olanda nə qazanıb, nə itirirdik, uzaq olanda nə qazanıb, nə itiririk. Eynilə də Avropaya yaxın olmaq bizə nə verər, bizdən nə alar. Bu qədər sadə sualla hər bir Gürcüstan vətəndaşının ailəsində bir söhbət getsə, oradan çıxacaq nəticə bəllidir. Rusiya ya bizi müharibə ilə hədələyir, ya da uzağı “müharibəni dayandırmağı” bizə “hədiyyə” edir, amma torpaqlar yenə Rusiyada qalır. Bir sözlə desək, Kreml heç vaxt rifah vəd etmir, etsə-etsə müharibədən sağ çıxmağı vəd edir, amma çox vaxt da sözünün üstündə durmur. Bunu ən yaxşı bilənlər isə gürcüstanlı ailələrdir. Buna görə də ilk dəfə həm də azərbaycanlıların siyasi proseslərdə daha fəal və təşkilatlanmış iştirakını görmək mümkün oldu, çünki bütün Gürcüstan vətəndaşları kimi, etnik azərbaycanlılar da Avropaya olan viza güzəştlərindən faydalandılar. Onlar da açıq bildilər ki, it hürən tərəf haradı, işıq gələn tərəf hara?! Gürcüstan xalqı Avropa İttifaqına siyasi propaqanda nəticəsində yönəlmədi. Bu hər iki tərəfi də tanıyandan sonra sadə bir seçimlə oldu. Bu sadə seçim də bütün Gürcüstanı birləşdirdi.

Parlament seçkiləri – biz nəyə nail olduq?
Bunu demədən keçmək olmaz ki, sonuncu seçkilərə kimi, Gürcüstan azərbaycanlılarına partiya siyahılarında kvota kimi baxılıb. Yəni bu sanki, nəticəsi əvvəlcədən bəlli olan prosesdə təmsilçilik vermək kimidir. Amma məhz son seçkilərdə bu belə olmadı. Düzdür, köhnə yolla gedənlər də oldu, amma biz yeni bir cığırı açdıq ki, gələcəkdə onun üzərində öz yolumuzu inşa edək. Biz bir icma olaraq öz namizədimizi müəyyən etdik. Onun partiya siyahısında bizim üçün də məqbul olan yerini qazandıq, eyni zamanda dayanmadan işlədik, icmanı siyasiləşdirməyə çalışdıq.

Qarşımıza qoyduğumuz məqsədə tam çatdıqmı? Xeyr, ancaq unutmamalı olduğumuz bir məqam da var: biz ölmüş və tərk edilmiş bir icmanın siyasi düşüncəsini oyatdıq; qapı-qapı gəzdik, xalqa sözümüzü dedik, maraqlı reaksiyalar aldıq və bu reaksiyaları da ciddi qəbul etdik, çünki son illərdə heç bir qrup bu şəkildə icma ilə işləyib, əks reaksiya almırdı.

Həqiqət budur ki, bizim üçün bu bir ilk idi. Deməzdim ki, sınaq idi. Xeyr, biz bu prosesə qətiyyən eksperement kimi baxmırdıq, çünki insan taleyi dəyişməyə iddialıydıq. Amma bu həm də gənc cərrahın ilk əməliyyatı kimi idi. Bizim əlimizin əsməyi təbii idi, fəqət bizim göstərdiyimiz nəticə Gürcüstan üçün də önəmli oldu.

Nə idi bu nəticə?
Biz hökuməti səhv etməyə məcbur etdik. Gürcüstanda etnik azlıqların yaşadığı bölgələr saxtakar hökumətlərin oylağına çevrilmişdi. Dil faktoru, siyasi passivlik faktoru ancaq saxtakarın işinə yarayır. Gürcü dilini bilməyən nəinki qocanı, cavanı da aldatmaq asan deyilmi? Biz bu məsələni demək olar ki, hökumət üçün tam çətinləşdirdik. Onlar aşkar saxtakarlıq etməyə məcbur oldular. Biz də bu saxtakarlıqları çəkdik, ifşa etdik. Bəli, hökumətin seçkiləri “udmaq” üçün ən güclü yeri belə əyalətlər idi. Amma ifşa olmaq üçün də ən zəif yerləri elə bu bölgələr oldu.

Parlamentdən imtina və yeni parlament…
Əlbəttə hədəf yeni, daha demokratik parlamentin və hökumətin olmasıdır. Bunun üçün ilk iş bu parlameni və hökuməti göndərməkdir. Bizim icmanın qarşısında iki mühüm vəzifə durur. Birincisi, bu parlamenti və hökuməti göndərmək üçün bütün gücümüzlə, fəaliyyət göstərmək, azərbaycanlıları prosesə daha ciddi qoşmaq, ikincisi isə yeni seçkilərə daha sistematik hazırlaşmaq. Biz artıq boşluqları və haraya getməli olduğumuzu da bilirik!

Məqalənin hazırlanması İsveçrənin Gürcüstandakı səfirliyinin dəstəyi ilə digərlər təşkilatlarla birgə, “Salam Platforması”-nın həyata keçirdiyi “Azlıqların gücləndirilməsi yoluyla körpülərin qurulması və birliyin təşviq edilməsi” layihəsi çərçivəsində mümkün olub.

Məqalənin məzmunu yalnız “Salam Platforması”nın məsuliyyətidir və heç bir halda İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamentinin mövqeyini əks etdirmir.

Tozu Gulməmmədli – Salam Platforması

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Paşinan Ağ Evdə ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüşüb

Növbəti Məqalə

Amaqlobelinin vəkili: Onun həyatını yaşatmaq üçün qan transfüzyonu aparılır

Oxşar Xəbərlər