Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva Vaşinqton və Kiyev arasında “müəyyən fikir ayrılıqları” görür. O, həmçinin əlavə edib ki, ABŞ və Rusiya arasında Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda hazırda “konkret” razılıq yoxdur. Peskov bu barədə jurnalistlərə danışarkən deyib.
Kremlin sözçüsü iddia edir ki, Kreml Tramp administrasiyası ilə Ukraynada müharibənin “dinc yolla” nizamlanmasının arzuolunan olması ilə razıdır.
“Bunun üçün müəyyən tədbirlər görülür. Lakin birbaşa tənzimləmə planında hələ də konkretlik azdır. Burada səbir lazımdır”. – Peskov deyir.
Peskov əlavə edib ki, Kreml Donald Tramp administrasiyası ilə Zelenski hökuməti arasındakı münaqişəyə diqqət yetirib.
“Biz görürük ki, Vaşinqtonla Kiyev arasında müəyyən fikir ayrılığı var”. – Peskov bildirib.
Dünən ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində dərc olunan bəyanatında Ukrayna prezidenti Vladimir Zelenskini “seçilməmiş diktator” adlandırıb.
Bundan əvvəl Tramp Zelenskiyə əhali arasında dəstəyin 4% olduğunu bildirib və Ukrayna prezidentini Moskvanın tələblərindən biri olan yeni seçkilər keçirməyə çağırıb.
2024-cü ilin dekabrına olan məlumata görə, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusu göstərir ki, ukraynalıların 52%-i Zelenskiyə etibar edir.