Biz o gün meydanda silahsız deyildik

20 yanvar Azərbaycan xalqının istiqlal mücadiləsinin tarixi süurumuzda, milli məfkurəmizdə əbədi iz qoymuş və bundan sonra da gələcək nəsillər üçün müqəddəslik qazanmış Şəhadət məktəbidir. Biz xalq olaraq o gün azadlıq uğrunda, milli mənliyimizin əsarət buxovundan qurtuluşu üçün ruhumuzla, canımızla, yalın əllərimizlə savaşa çıxmışdıq. Savaşın əbədi dəyişməz qanunu budur ki, ya ölür, ya da ki, öldürürsən. Biz də o gün evlərimizdə oturmamışdıq, canca bərabər, qanca bərabər olub meydanlarda istiqlal savaşındaydıq, üstümüzə gələn rus əsgərlərinin qarşısındaydıq.

Biz də o gün istiqlal uğrunda savaşan xalq olaraq silahsız deyildik. Həmin gün azadlıq məfkurəsi, “Vətən bölünməzdir” düşüncəsi ilə silahlanıb, yadelli işğalçıların qarşısında öz ruhumuzun məğlub edilməzliyni göstərmək, onlara meydan oxumaq, ölkəmizə Vətən kimi sahiblənmək, milli mənliyimizi əzib keçəcəklərini düşündükləri yerdə qanımızı sel kimi axıdıb yollarını bağlamaq, dilimizi kəsdiklərini güman etdikləri yerdə sifətlərinə nifrətimizi hayqırmaq, qolumuzu bağladıqlarını sandıqları halda yumruqlarımızı başımız üstünə qaldırmaq, milli kimliyimizi unutdurduqlarını zənn etdikləri yerdə, oraq çəkicli qırmızı bez parçasını yerə atıb yeni doğulmuş istiqlal məfkurəsini üçrəngli bayrağımıza bələmək üçün Şəhadət meydanına çıxmışdıq.

Biz o gün ellikcə Şəhidlik imtahanı verirdik. Var olmaq üçün, millət olaraq haqlarımıza, yurdumuza sahib çıxmaq üçün Şəhidliyə doğru ilk addımlarımızı atırdıq. Çünki artıq bilirdik ki, əsrlərdir bizi caynağında tutan, didik-didik, param – parça edən bir düşmənin canımıza işləmiş iti dırnaqlarından qurtulmağın, əsarət zəncirlərini söküb atmağın yolu azadlıq, istiqlal üçün ölə bilməkdən, bu ölümlə də öldürülmüş milli ruhumuza dirilik suyu verib, üzümüzü hürriyyət üçün meydanlara, səngərlərə tutub müstəqillliyimiz üçün savaşmaqdan keçir.

Biz o gün tökülən Şəhid qanlarının bir irmağa dönərək taleyimizdən hələ çox açacağını, bizə yeni Şəhidlik müjdələri gətirəcəyini hələ bilmirdik. O günün Şəhidləri bu gün Şəhadətə qovuşan Mübarizlərin, Xudayarların, Poladların zaman fərqinin fövqündə duran yol arkadaşları idi.
Odur ki, biz bu gün Şəhidlər xiyabanına qətl edilmiş məzlumları deyil, millət, Vətən yolunda canları, üsyankar ruhları ilə savaşaraq ölümün üstünə gedib ölümsüzlük qazanmış qəhrəmanları – Şəhidləri ziyarət etməyə gedirik.


Allah Sizlərə rəhmət etsin Şəhidlər!

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Böyük miqdarda cərimə və ya 1 ilə qədər həbs – “Gürcü Arzusu”nun deputatlarının Abu Dabi səyahəti

Növbəti Məqalə

İvanişvili hökuməti universitet islahatları üzərində işləmək üçün komissiya yaradır

Oxşar Xəbərlər