Dekabrın 18-də Çexiya Senatı 1944-cü ildə Krım tatarlarının kütləvi deportasiyasını soyqırım aktı kimi tanıyan qətnaməni təsdiqləyib.
Senatın saytının məlumatına görə, iclasda 76 senator iştirak edib. Onlardan 70-i qətnaməni dəstəkləyib, dördü bitərəf qalıb, əleyhinə səs verən olmayıb.
Çexiya bu faciəli hadisə ilə bağlı Sovet hakimiyyətinin hərəkətlərini rəsmən pisləyən yeddinci ölkə oldu. Belə bir qərar artıq Ukrayna, Kanada, Polşa, Litva, Latviya və Estoniya tərəfindən verilib.
Qətnamənin qəbulu prosesində Krım tatarlarının nümayəndələri, o cümlədən Krım tatarlarının milli lideri, Ukraynanın xalq deputatı və keçmiş sovet siyasi məhbusu Mustafa Cəmilev iştirak edib.