Qasımlı , Beytarafçı, Ulaşlı, Baytallı , Qaçağan, Marneuli… – „Dəyişikliklər Naminə Koalisiyası”nın azərbaycanlı gənc fəalları kənd və rayonlarda qapı-qapı gəzib, soydaşlarımızı koalisiyanın proqramları haqqda məlumatlandırırlar.
“Fəallar Gələcək Naminə” hərəkatı indiyə kimi ictimai sahədə iş görmüş və nailiyyətli, dövlət dilini yaxşı bilən gənclərin hərəkatıdır. Bu insanlar illərdir ki, icmamızı narahat edən məsələləri öyrənməklə, araşdırmaqla, diqqət mərkəzinə gətirməklə məşğuldurlar. Hazırda isə, siyasətə, qərarverici yerlərə gəlməyin vaxtının çatdığı üçün “Dəyişikliklər Naminə Koalisiyası”na tamhüquqlu üzv kimi qoşulublar. Məlumat üçün bildiririk ki, Koalisiya üç partiyadan ibarətdir: “Axali”, “Qirçi” və “Droa”.
Koalisiya üzvlərinin verdiyi məlumata görə, onlar regionda bir qrup gənclə fəal şəkildə təbliğat-təşviqat işlərini həyata keçirir.
„Əhali ilə üzbəüz görüşlərdə görürük ki, çoxları hakim partiyanın idarəçiliyindən narazıdır. İnsanlar dəyişiklik istəyir, çünki „Gürcü Arzusu” partiyası verdiyi vədləri yerinə yetirməyib, onlara artıə inanmırlar. Bizim koalisiya sistemli dəyişiklik təklif edir – təhsil, iqtisadiyyat, mədəniyyət sahələrində və vətəndaşlar da bu islahatları dəstəkləyirlər” – koalisiyanın parlament namizədi Oqtay Kazımov bildirir.
Neytral.ge xatırladır ki, Oqtay Kazımov 26 oktyabr tarixində keçiriləcək parlament seçkilərində „Dəyişikliklər Naminə Koalisiyası”nın siyahısında 10-cu yerdə olaraq seçki prosesinə qoşulub.