Ərdoğan: İsrail ekspansionizminə qarşı İslam ölkələrinin ittifaqı yaradılmalıdır
Neytral.ge xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də deyib ki, islam ölkələri İsrailin “artan ekspansionizm təhlükəsinə” qarşı ittifaq yaratmalıdır.
Ərdoğan İstanbulda İslam Məktəbləri Dərnəyinin tədbirində deyib: “İsrail təkəbbürü, quldurluğu və İsrail dövlət terrorizminə son qoyacaq yeganə addım İslam ölkələrinin ittifaqıdır”.
Bundan əvvəl Ərdoğan sentyabrın 6-da İordan çayının qərb sahilində etiraz aksiyasında iştirak edərkən İsrail ordusu tərəfindən vurulan türk əsilli amerikalı qadından danışmışdı.
Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə son vaxtlar “[İsrailin] genişlənmə təhlükəsinə qarşı həmrəylik xətti yaratmaq” məqsədi ilə Misir və Suriya ilə əlaqələri yaxşılaşdırır.
İsrailin xarici işlər naziri İsrael Katz Ərdoğanın şərhlərinin “təhlükəli yalan və təhrik” olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə lideri regiondakı nisbətən “bitərəf ərəb rejimlərini” sarsıtmaq üçün illərdir İranla əməkdaşlıq edir.