Serbiyanın paytaxtı Belqradda tələbələrin təşkil etdiyi genişmiqyaslı etiraz aksiyalarından sonra prezident Aleksandr Vuçiç ölkə hakimiyyətinə qarşı böyük neqativ enerji və qəzəbin olduğunu etiraf edib və bunu dəyişməyə çalışacağına and içib.
“Bütün hökumət adamları mesajı anlamalıdırlar. Biz dəyişməliyik” – deyə o, martın 15-də təşkil etdiyi mətbuat konfransında deyib.
Vuçiç bildirib ki, hökumət etiraz aksiyalarına 88000-107000 min aralığında insanın toplaşdığını hesablayıb. Lakin Serbiya QHT-ləri bu rəqəmin 275000-325000 aralığında dəyişdiyini iddia ediblər.
Belqradda martın 15-də keçirilən etirazlar yerli vaxtla 23:00-da başa çatıb. Bu ölkədə noyabrda dəmiryolu stansiyasında baş verən insidentdən sonra Vuçiç hökumətinə qarşı başlayan etirazların ən böyüyü olub.
Bununla belə Vuçiç əhalinin əksəriyyətinin Serbiyada rəngli inqilab istəmədiyini deyib. O, dünənki etirazlarda 56 nəfərin yaralandığını, amma onlardan heç birinin təhlükəli olmadığını söyləyib.
Serbiyada tələbələr artıq 3 aydır etiraz edirlər. Etirazlar 200 şəhər və qəsəbəni əhatə edir. Onların əsas tələbi Vuçiç hökumətinin istefaya göndərilməsidir.