Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Prezident təbrik məktubunda qeyd edib ki, Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir:
“Siz birinci prezidentlik dövrünüzdə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.
Biz Birləşmiş Ştatlarla qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq”, – deyə İlham Əliyev əlavə edib.
O bildirib ki, Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək:
“Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.