İsrail ordusu İranın İsrailə doğru çox sayda raketlər atdığını və ölkənin hər yerində hava hücumu sirenləri səsləndiyini bildirir.
CNN jurnalistləri 10-dan çox raketin Tel Əviv səmasında göründüyünü xəbər verib. Digərləri Yerusəlim və Hayfa səmalarında da onlarla raket gördüklərini xəbər veriblər.
Müşahidəçilər bu anadək İsrailə yüzdən çox raket atıldığını bildirir. İsrailin Dəmir Qübbə kimi tanınan hava hücumundan müdafiı sisteminin raketlərin bəzilərini səmada vurduğu görünüb.
Hücum dalğalarla baş verməkdədir. İsrail hərbi qüvvələri verilkən açıqlamada İranın hücumunun davam etdiyini və HHQ qüvvələrinin hazırda raketləri səmada dəf etməyə çalışdıqlarını deyirlər.
İranın İsrailə raket hücumlarını müzakirə etmək üçün bu dəqiqələrdə ABŞ Prezidenti Co Bayden Vitse Prezident Kamala Harris və yüksək rütbəli təhlüksizlik rəsmiləri ilə bərabər təcili toplantı keçirir.
Bundan öncə ABŞ-ın yüksək səlahiyyətli rəsmisi bildirmişdi ki, İran İsrailə qarşı “qabaqcıl” ballistik raket hücumu etməyə hazırlaşır. Adının açıqlanmasını istəməyən rəsmi İran tərəfindən belə bir hücumun baş verəcəyi təqdirdə “ağır nəticələr” barədə xəbərdarlıq edib.
İnternetdə yayımlanan bildirişdə ABŞ-ın İsraildəki səfirliyi “bütün ABŞ hökumət işçilərini və onların ailə üzvlərini növbəti xəbərdarlıq edilənə qədər sığınacaqlada qalmağa” çağırıb.
Ötən həftə İsrailin hava hücumu Hizbullah lideri Həsən Nəsrullahı öldürdükdən sonra bölgədə gərginlik artıb. Nəsrullah və digər Hizbullah liderləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavinini öldürüb.
İran Nəsrullahın ölümünün “cavabsız qalmayacağını” bildirib.