Bu ilin 9 aprel tarixində, Saraçlı meşəsində meyiti aşkar edilən 34 yaşlı Bolnisi bələdiyyəsinin Saraçlı kənd sakini İsə Hüseynovun ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Neytral.ge xəbər portalına daxil olan məlumata əsasən, əqli qüsurlu olan gənc bədən və boğaz nahiyələrindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Baş verən faciəli hadisə ilə bağlı xəbər portalımızın əməkdaşları mərhum İsə Hüseynovun atası Tofiq Hüseynovla əlaqə saxlayıblar.
Mərhumun atası bildirib ki, oğlu çölə Qulançar yığmaq adı ilə çıxıb və geri qayıtmayıb:
” Mən, Tofiq Hüseynov, Saraçlı kənd sakiniyəm, özüm bu kənddə müəllim işləyirəm. Nə mənim, nə də övladımın heç kəslə işi olmayıb. O, kəndin xeyir və şər işlərində hamının işinə yarayıb. Onu kimlərsə qəsdən öldürüb Saraçlı ilə ermənilər yaşayan Şaumiyan kəndinin arasına atıblar. Burada kimlərsə ya qəsdən milli məsələ salmaq istəyir, ya da başqa məqsədləri var. Mən aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, mənim oğlumun işi ilə bağlı ciddi araşdırma aparılsın və onun qatilləri tapılaraq cəzalandırılsın”, – deyə mərhumun atası Tofiq Hüseynov bildirib.
Tofiq Hüseynov onu da qeyd edir ki, bu günə qədər nə müstəntiq, nə də prokuror bu işlə bağlı onunla əlaqə saxlamayıb.
„Mən özüm zəng edib maraqlanmasam, nə müstəntiq, nə də prokuror mənimlə əlaqə saxlamır. Onlara zəng etdikdə cavabları eyni olur, deyirlər ki, ekspertizanın rəyi hələ yoxdur, cavab alan kimi mənə məlumat verəcəklər. Amma mən artıq onlara inanmıram, bu işə biganə yanaşdıqlarını açıq-aşkar görürəm. Bu hadisənin ilk günlərində bir çox jurnalistlər də gəlib, məndən müsahibə aldılar, bu işi nəzarətdə saxlamaqlarına və işıqlandırmaqlarına söz vermişdilər, ancaq təssüflər olsun ki, onlar da verdikləri sözü tutmadılar, bir dəfə başdan gəlib çəkiliş etdilər, bununla da hər şey bitti. Sizdən xahiş edirəm, bu işdə, İsənin qatillərinin tapılmasında mənə yardımçı olasınız, artıq ümid və inamım heç kəsə qalmayıb.”
Neytral.ge-nin əməkdaşı müstəntiq və prokurorla əlaqə saxladı. Təəssüflər olsun ki, müstəntiq Məryam Çxeidze bizim əməkdaşa məlumat verməkdən imtina etdi, o, qeyd etdi ki, qanuna əsasən bunu etməyə izini yoxdur, ancaq prokuror Ketevan Sonidze isə əksinə, əməkdaşımıza hazırda əldə etdikləri məlumatlarla bölüşdü. Onun dediklərinə görə belə işlərdə ekspertizanın rəyi əsas sübutdur və rəy olmadan heç kəsi ittiham etmək olmur.
„Bu işdə iki ekspertiza rəyi lazımdır – biri meyitin üzərində aparılan, digəri isə şübhəli şəxsin avtomobilindən tapılan qan ləkəsinin. İşi araşdırdıqda şübhəli bilinən bir şəxs ortaya çıxdı və onun avtomobilində qan ləkəsi aşkarlandı. Əgər qan ləkəsinin İ. Hüseynova məxsus olduğu ortaya çıxsa, onda əlbəttə ki, onu şübhəli şəxs kimi həbs edəcəyik. Demək istəyirəm ki, instintaq davam edir və biz bu işi nəzarətdə saxlayırıq”. – deyə prokuror bildirdi.
Neytral.ge bildirir ki, bizim əməkdaşlar bu işi nəzarətdə saxlayacaq və yeni məlumat əldə etdiyimiz an izləyicilərə təqdim edəcəyik.