“Yeganə legitimlik mənbəyi Salome Zurabişvilidir və o, Gürcüstanın prezidenti olaraq qalır” – bu barədə “Birlik Milli Hərəkatının” liderlərindən biri Qiorqi Vaşadze bildirib.
Rustaveli prospektində olan Vaşadze qeyd edib ki, hazırda Çiçinadze və Çitadze küçələrinin təhlükəsizliyini təmin edən polis qüvvələri rejimin deyil, xalqın tərəfinə keçməlidir, əhalini müdafiə etməlidir.
“Bu polislər xalqın tərəfinə keçməlidir. Onlar rejimi deyil, xalqı qorumalıdırlar. Kavelaşvili Gürcüstana qarşı ən böyük təhqirdir və İvanişvili bunu bilərəkdən edir, lakin Gürcüstan Rusiya deyil və gürcü xalqı sona qədər mübarizə aparacaq.
Bu etiraz bizə birliyi, dəyişməz iradə nümayiş etdirdi. Gürcüstan bu adamdan qurtulmayana qədər etiraz sakitləşməyəcək. Bu gün ölkə daxilində nə baş verirsə fərq etməz, legitimliyin yeganə mənbəyi Salome Zurabişvilidir və o, Gürcüstanın prezidenti olaraq qalır”, – Qiorqi Vaşadze deyir.