Fransa Prezident Sarayı Emmanuel Makron və Bidzina İvanişvili arasında telefon danışığı barədə məlumat yayıb. Bəyanatda yazıldığı kimi, Makron həbs edilən bütün şəxslərin azadlığa buraxılmasını tələb edib və İvanişvilini sərbəst toplaşmaq və ifadə azadlığına hörmət etməyə çağırıb.
“Fransa Respublikasının Prezidenti öz təşəbbüsü ilə “Gürcü Arzusu”nun fəxri sədri cənab Bidzina İvanişvili ilə danışdı.
O, həm vətəndaş cəmiyyətinin, həm müxalifətin hədələnməsini, həm də hüquq-mühafizə orqanlarının dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığını pisləyib. O, özbaşına həbs edilən bütün şəxslərin azadlığa buraxılmasını tələb edib, toplaşmaq və ifadə azadlığına hörmət etməyə çağırıb. O, bir daha Gürcüstanın Avropa kursundan kənara çıxmasından məyus olduğunu bildirib və qəbul edilmiş və ya gələcəkdə qəbul ediləcək istiqamət və qərarların Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərə mütləq təsir edəcəyinə inandığını vurğulayıb. O, gürcü xalqının avropalı və demokratik istəklərinə hörmətlə yanaşaraq bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə inklüziv dialoqa çağırıb”, – Fransa Prezident Sarayının yaydığı məlumatda deyilir.