NATO-nun yeni baş katibi Mark Rutte Kiyevə gəlib və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Bu, Ruttenin Alyansın baş katibi kimi ilk rəsmi xarici səfəridir.
Alyansın bəyanatında qeyd edildiyi kimi, Rutte bir daha Zelenskiyə NATO-nun Ukraynaya dəstəyini davam etdirəcəyinə söz verib.
“Müharibə başlayandan bəri beşinci dəfədir Ukraynaya gəlirəm, lakin bu, Alyansın baş katibi kimi ilk səfərimdir. Mandatımın əvvəlində Ukraynaya gəlməyim mənim üçün çox vacib idi, bununla mən həm sizə, həm Ukrayna xalqına, hamıya göstərmək istədim ki, NATO Ukraynanı dəstəkləməyə davam edəcək, məqsədim Alyansın baş katibi kimi sizin dəstəyinizi gücləndirməkdir və onun qələbəsini təmin etməkdir”. – Rutte görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.