NATO Rusiya ilə mümkün müharibə vəziyyətində yaralıların döyüş xəttindən çıxarılması planı hazırlayır. Proqnozlara görə, müharibə geniş döyüş meydanında alovlanacaq və NATO-nun ciddi itkisi olacaq, bu barədə Şimali Atlantika Alyansının logistika komandanlığının rəhbəri, general-leytenant Aleksandr Zollfrank “Daily Mail”ə müsahibəsində açıqlama verib.
General qeyd edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin geniş imkanları səbəbindən yaralıların təyyarələrlə təxliyəsi çox təhlükəli ola bilər, ona görə də sanitar qatarlardan istifadə etmək daha yaxşıdır.
“Ən pis halda bizim vəzifəmiz çoxlu sayda qurbana operativ və keyfiyyətli yardım göstərmək olacaq” – dedi.
Zollfrank həmçinin NATO-nun tibbi qaydalarının birləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu halda həll yolu dərmanların, o cümlədən ağır xəsarətlər üçün zəruri olan ağrıkəsicilərin pulsuz ötürülməsini təmin edəcək “hərbi-tibbi Şengen”in yaradılması ola bilər.
“Daily Mail” yazır ki, tibbi təxliyə planı Rusiya ilə mümkün müharibəyə hazırlığın yalnız bir elementidir.
Nəşr onu da qeyd edir ki, yanvarın 22-dən mayın 31-dək NATO 90 mindən çox hərbçinin iştirak etdiyi ən böyük təlimi keçirib. Bu manevrlər həm də Rusiyanın təcavüzünə hazırlıqların tərkib hissəsi olub və Böyük Britaniya, Almaniya, Macarıstan, Yunanıstan, Polşa, Finlandiya, İsveç və s. kimi dövlətləri cəlb edib.
Yanvarda Almaniyanın müdafiə naziri Boris Pistorius demişdi ki, Qərb ölkələri yaxın 3-5 il ərzində Rusiya ilə mümkün müharibəyə fəal hazırlaşmalı və bu vaxtdan “intensiv silahlanma” üçün istifadə etməlidir.