Neytral.ge dekabrın 7-də “TV Pirveli” telekanalının çəkiliş qrupunun naməlum şəxslər tərəfindən hücuma və fiziki təzyiqə məruz qalması ilə bağlı bəyanat verir.
“Biz, Kvemo Kartli regionunda yeganə azad və müstəqil azərbaycandilli media olaraq “TV Pirveli” telekanalının jurnalisti və operatoruna qarşı edilən hücumu qətiyyətlə pisləyirik.
Media nümayəndələrinə qarşı zorakılıq və onların peşəkar fəaliyyətinə mane olmaq həm söz, həm də mətbuat azadlığını təhdid edir və bu, bizim üçün tamamilə qəbuledilməzdir. Bu cür hadisələr bir başa cəmiyyətin informasiyaya çıxış hüququnu məhdudlaşdırmaq cəhdi, həm də demokratik dəyərləri təhlükə altına atmaqdır.
Təəssüf ki, ölkəmizdə vəziyyət hələ də gərgindir. Dünən axşam saatlarında naməlum şəxslərin “TV Pirveli” telekanalının jurnalist və operatoruna hücumu bir daha prosesin idarəolunmaz və bu kimi zorakılıq hallarının tez-tez baş verəcəyi ilə bağlı əsaslı şübhələr yaradır.
Biz qətiyyətlə bildiririk ki, zorakılıq və aqressiya, cəmiyyətin parçalanmasına və münaqişəyə səbəb olan qeyri-sağlam proseslər və hərəkətlər bizim üçün qəbuledilməzdir.
Biz, Gürcüstan hökumətini və dövlət strukturunun nümayəndələrini dərhal araşdırma aparmağa və ölkədə oxşar hərəkətləri dayandırmağa çağırırıq!
Gürcüstanın seçimi Avropadır! 🇬🇪🇪🇺