Bu gün Rusiya rejimi ilə tamamilə yeni bir döyüş başlayır, bu mübarizədə biz qalib gəlməliyik – QHT-lər
“Gürcü Arzusu” ofisinin yaxınlığında toplaşan qeyri-hökumət təşkilatlarının fikrincə, “bu gün Rusiya rejiminə qarşı tamamilə yeni döyüş başlayır və biz bu döyüşdə qalib gəlməliyik”. QHT-lərin birgə bəyanatını yazıçı Rati Amaqlobeli Qorqaslı küçəsində, vətəndaşların toplaşdığı “Gürcü arzusu”nun ofisinin yaxınlığında oxuyub.
“Noyabrın 28-də qeyri-legitim parlament tərəfindən seçilmiş baş nazirin elanından sonra Gürcüstanın Avropa gələcəyi, Avropaya inteqrasiya və ölkənin tarixi kursu nəhayət ki, rədd edildi.
Bu, Gürcüstan Konstitusiyasına zidd addımdır və ölkənin müstəqilliyinə və suverenliyinə kobud şəkildə xələl gətirir. Sözügedən qərar Gürcüstan tarixində görünməmiş bir xəyanətdir, gələcək nəsillərə bərpası mümkün olmayan ziyan vurur və Gürcüstanın dövlətçiliyi üçün son dərəcə təhlükə yaradır. Buna sübut kimi Vladimir Putin İrakli Kobaxidzenin qərarını dərhal təsdiqləyib.
Gürcüstan vətəndaşları buna dözməməlidir. Əlimizdə olan bütün vasitələrlə müqavimət göstərməliyik. Bu gün rus rejimi ilə tamamilə yeni döyüş başlayır və biz bu döyüşdə qalib gəlməliyik.
Biz Avropa İttifaqını gürcü xalqının legitimliyinə malik olmayan hökumətin bəyanatını nəzərə almamağa çağırırıq. Avropa İttifaqı ilə danışıqları gürcü xalqı və onun demokratik yolla seçilmiş hökuməti açmalıdır”, – bəyanatda deyilir.