ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinə tez bir zamanda son qoymağa çalışdığı bir vaxt ABŞ-Ukrayna danışıqları üçün bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.
Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, Rubio Ciddədə olduğu zaman Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşərək, regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək.
Rubio Ciddəyə gedərkən təyyarədə jurnalistlərə çərşənbə axşamı Ukrayna rəsmiləri ilə danışıqlarla bağlı gözləntilərindən danışıb.
“Mən onların nə etməli olduqlarına dair hər hansı şərt qoymayacaq. Mən düşünürəm ki, biz onların nə qədər irəli getməyə hazır olduqlarını görmək üçün onları dinləmək və sonra bunu rusların istədikləri ilə müqayisə etmək və həqiqətən bir-birimizdən nə qədər uzaq olduğumuzu görmək istəyirik,” Rubio deyib.
Dövlət Departamentinin məlumatına görə, Rubio cümə günü Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə telefon danışığında “Prezident Trampın müharibəni mümkün qədər tez bitirmək əzmini qeyd edib və bütün tərəflərin davamlı sülhü təmin etmək üçün addımlar atmalı olduğunu” vurğulayıb.
Bazar ertəsi Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşmək üçün Ər-Riyada səfər edib. Amma ola bilər ki, o, çərşənbə axşamı ABŞ rəsmiləri ilə danışıqlarda iştirak etməsin.
Bundan sonra Zelenskinin baş qərargah rəisi Andriy Yermakın başçılıq etdiyi Ukrayna diplomatik və hərbi nümayəndə heyəti ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaq. Ukrayna komandasına Sibiha, müdafiə naziri Rustem Umerov və hərbi komandir Pavlo Palisa da daxildir.
Rubio ilə yanaşı Ukrayna rəsmiləri ilə Ciddədə danışıqlarda ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Valz və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak edəcək.
Vitkoff jurnalistlərə bildirib ki, “məqsəd sülh sazişi və ilkin atəşkəs üçün çərçivə hazırlamaqdır”.
ABŞ və Ukrayna arasında danışıqlar yüksək səviyyəli ABŞ rəsmilərinin Ər-Riyadda Rusiya rəsmiləri ilə danışıqlarından üç həftə sonra keçirilir.
Ukrayna ABŞ-la konstruktiv dialoqa “tam sadiq olduğunu” və “lazımi qərarlar və addımları müzakirə edib razılığa gəlməyə” ümid etdiyini bildirib.
“Ukrayna bu müharibənin elə ilk saniyəsindən sülhə can atır. Real təkliflər masa üzərindədir. Əsas odur ki, tez və effektiv hərəkət edək”, Zelenski şənbə günü X səhifəsində yazıb.