Rusiya ABŞ-ı Yəmən husilərinə qarşı hücumları dayandırmağa və tərəflərlə dialoqa çağırıb. Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan press-relizdə deyilir ki, bu çağırışı xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı səsləndirib.
Lavrov və Rubio martın 15-də telefonla danışıblar. Press-relizdə qeyd olunur ki, söhbət zamanı Rubio Lavrovu ABŞ-ın Yəməndə husi qruplaşmasına qarşı hava hücumu təşkil etmək qərarı barədə məlumatlandırıb.
“Sergey Lavrov Amerika nümayəndəsinin arqumentlərinə cavab olaraq, bütün tərəflərin güc tətbiqinin dərhal dayandırılmasının vacibliyini və daha çox qan tökülməsinin qarşısını alacaq həll yolunu tapmaq üçün siyasi dialoqa başlamağın vacibliyini vurğulayıb”. – press-relizdə yazılıb.