Seulun baş təhlükəsizlik müşaviri cümə günü bildirib ki, Rusiya Şimali Koreyaya Moskvanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün qoşun göndərməsi müqabilində zenit raketləri verib.
Birləşmiş Ştatlar və Cənubi Koreya nüvə silahına malik Şimali Koreyanı Rusiyaya Ukrayna ilə döyüşməyə kömək etmək üçün 10 mindən çox əsgər göndərməkdə ittiham edib. Ekspertlər Kim Conq Ununun bunun müqabilində qabaqcıl texnologiya və öz qoşunları üçün döyüş təcrübəsi qazanmaq istədiyini bildiriblər.
Seulun Pxenyanın göndərilən qoşunların qarşılığında nə əldə etdiyini düşündüyünə dair sualına baş təhlükəsizlik müşaviri Şin Von-sik belə cavab verib: “Məlum olub ki, Şimali Koreyaya Pxenyanın təhlükəyə açıq hava hücumundan müdafiə sistemini gücləndirmək məqsədi daşıyan avadanlıq və zenit-raketlər çatdırılıb”.
Yerli SBS telekanalına danışan Şin əlavə edib ki, Şimali Koreya “müxtəlif formada iqtisadi dəstək” alıb və “27 may tarixində baş verən uğursuzluqdan sonra Şimali Koreya peyklə bağlı texnologiya üzərində işləyir”.
Mütəxəssislər daha əvvəl bildirmişdilər ki, Şimali Koreya qoşunların müqabilində, ehtimal ki, Moskvadan müşahidə peyklərindən tutmuş sualtı qayıqlara qədər hərbi texnologiya, eləcə də mümkün təhlükəsizlik zəmanətləri əldə etməyi hədəfləyir.
Şimali Koreya lideri Kim və Rusiya prezidenti Vladimir Putin iyun ayında Kreml rəhbərinin səfəri zamanı strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.
Saziş hər iki dövlətə digərinə hücum halında “ləngimədən” hərbi yardım göstərməyə və Qərbin sanksiyalarına qarşı çıxmaq üçün beynəlxalq əməkdaşlıq etmək öhdəliyi qoyur.
Keçən ay Putin Şimali Koreya qoşunlarının yerləşdirilməsi ilə bağlı verilən açıq suala cavab verməkdən yayınaraq, Qərbin Ukraynaya dəstəyini tənqid edib.
Şimali Koreya ötən ay Rusiyaya hər hansı bir qoşun göndərilməsinin “beynəlxalq hüququn qaydalarına uyğun bir hərəkət” olacağını bildirsə də, əsgər göndərdiyini təsdiqləməkdən imtina etmişdi.
Şimali Koreyanın qoşun yerləşdirməsi Seulun tonunu dəyişməsinə səbəb olub. Belə ki, Kyivə öldürücü silah göndərmək çağırışlarına müqavimət göstərən Cənubi Koreya bu yaxınlarda uzunmüddətli siyasətini dəyişə biləcəyinə işarə edib.