“Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”
Bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.
“Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.