İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan səfirliyinə hücum məsələsini sona çatdıracağını vəd edib.
Bu barədə oktyabrın 14-də Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşdə bildirib.
Məsud Pezeşkian iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Həmçinin təhlükəsizlik məsələlərini və bununla bağlı problemləri həll etməyə çağırıb:
“Ölkələr arasında təhlükəsizliyi, sülhü və ünsiyyəti möhkəmləndirmək və təşviq etmək üçün sərhədlərdə divarlar ucaltmağa ehtiyac yoxdur”.
İkitərəfli iqtisadi layihələrə toxunan İranın Prezidenti deyib ki, iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırlar:
“Eyni zamanda, energetika və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik”.
“Siz bizim qardaşlarımızsınız və iki ölkə arasında əlaqələrin genişləndirilməsi bizim üçün çox dəyərlidir. Hesab edirik ki, heç bir ölkənin suverenliyi gözardı edilməməlidir, digər tərəfdən, biz başqa ölkələrin regiona ayaq açmasını region ölkələrinin maraqlarına uyğun hesab etmirik. Çünki birlikdə çalışaraq təhlükəsizlik və bununla bağlı məsələləri həll edə biləcəyimizə inanırıq. Bu, İran İslam Respublikası hökumətinin hər zaman vurğuladığı əsas siyasətidir”, – deyə İran Prezidenti vurğulayıb.