“Gürcü Arzusu”nun Qərb tərəfdaşları ilə son dərəcə gərgin münasibətləri və təcrid təhlükəsi fonunda Gürcüstan və Azərbaycan liderləri arasında dostluq getdikcə daha çox nəzərə çarpır. Yanvarın 17-də “Gürcü arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda görüşlər keçirib.
İrakli Kobaxidze son on ayda üçüncü dəfədir Azərbaycana səfər edib. Bu dəfə əsas səbəb Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası olub. Bu tədbir çərçivəsində Prezident İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşlər keçirilib.
“Gürcü arzusu” hökuməti qlobal çağırışların öhdəsindən Bakı ilə birgə çıxmağa ümid edir və bunun tərkib hissəsi kimi xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxiləsini nəzərdən keçirir.
“Gürcü Arzusu”nun nümayəndələri Bakıda olduqları müddətdə Azərbaycanla strateji əməkdaşlığın Gürcüstan üçün xüsusi olduğunu tez-tez təkrarlayırdılar.
“Parlament seçkilərindən sonra ilk səfərinizin Azərbaycanda keçirilməsi faktı Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən xəbər verir”, – İlham Əliyev yanvarın 17-də keçirilən birgə brifinqdə bu qərara görə İrakli Kobaxidzeyə təşəkkür edib.
Əliyevin sözlərinə görə, Azərbaycan və Gürcüstanı nümunəvi dostluq və siyasi əlaqələr birləşdirir; İqtisadi aspektdə də irəliləyiş var və indiki mərhələdə “Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub”. Əliyev Gürcüstandakı investisiya mühitini yüksək qiymətləndirir və onu investorlar üçün cəlbedici hesab edir – Halbuki, ölkədə artan siyasi böhran fonunda, mütəxəssislər bunun ardınca iqtisadi böhranın olacağını gözləyirlər.