Tbilisi meriyasının məlumatına görə, yeniyetmə Rixe parkında xəndəyə yıxılaraq ölməyib, qəza şəxsi ərazidəki bina yaxınlığında baş verib.
Bu barədə Tbilisi meriyasının yaydığı bəyanatda deyilir.
“Müəyyən KİV-in yaydığı yalan məlumatlara cavab vermək istərdik ki, guya bir neçə gün əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 16 yaşlı yeniyetmə Rixe parkında açıq çuxura düşüb.
Yayılan məlumatlar tamamilə yalan və böhtandır, təəssüflər olsun ki, belə bir faciə özəl ərazidəki binanın yaxınlığında baş verib. Bir daha təkrar edirik ki, hadisə şəxsi mülklərdən birində baş verib.
Təəssüf ki, media dövlət qurumunu gözdən salmaq üçün belə bir faciədən istifadə edir. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Biz media nümayəndələrini öz peşələrinə hörmətlə yanaşmağa və ictimaiyyətə yalnız təsdiqlənmiş məlumatları çatdırmağa çağırırıq.
Tbilisi meriyası yeniyetmənin ölümü ilə bağlı dərin hüznlə kədərlənir və ailəsinə başsağlığı verir” – deyə məlumatda bildirilir.