“Müddətsiz aclığın 20-ci günündə fiziki olaraq tükənmiş Tofiq Yaqublunu labüd ölümdən yalnız ümumxalq iradəsi xilas edə bilər. 360 nəfər siyasi məhbusun məhbəsdə olduğu ölkədə insanların iradəsini açıq ifadə etməsinin çətinliklərini təbii ki, bilirik. Ancaq hətta bu repressiya şəraitində də 100 minlərlə, hətta milyonlarla insanın ciddi bir risqə getmədən Tofiq Yaqublunu müdafiə etməsi hələ də mümkündür.
Bunun üçün ilk növbədə biganəliyin və tənbəlliyin daşını atmaq və hamılıqla aparılan mübarizənin nəticəsinə inanmaq lazımdır. Əgər bunu edə bilmisizsə, fəal olduğunuz sosial şəbəkələrdə Tofiq Yaqubluya azadlıq tələbilə yazılar yazın, qısa video müraciətlər, foto və plakatlar paylaşın. Əgər hər hansı səbəbdən sizə yazmaq, video çəkib paylaşmaq çətindirsə, başqalarının Tofiq bəylə bağlı paylaşımlarını bəyənin, paylaşın, müzakirələrə qatılın.
Bilirsiz ki, AXCP və Milli Şura “Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslar azad edilsin!” tələbilə 27 aprel saat 15-dən 17-ə kimi “Məhsul” stadionuna mitinq təyin edib. Mitinqin təbliğatına hamılıqla qoşulun. Narahat olmayın, bu mərhələdə sizi razılaşdırılmamış mitinqə çağırmayacağıq. İstəyirik ki, xalqın qorxmadan, kütləvi şəkildə iştirak edə biləcəyi, hakimiyyətlə razılaşdırılmış, böyük və dinc mitinq keçirək. Məqsədimiz 6 il öncə 19 yanvar 2019-cu ildə “Məhsul” stadionunda “Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdiyimiz və ciddi nıticələr doğurmuş mitinqə bənzər kütləvi mitinq keçirməkdir. Ona görə də rahatlıqla mitinq təbliğatına qoşulun. Açıq şəkildə yazın ki, Tofiq Yaqublunun xilası üçün mitinqdə iştirak edəcəksiniz. Qoy, hökumət görsün ki, Azərbaycan cəmiyyətini hələ də susdura, zülmlə, haqsızlıqla barışdıra bilməyib. Görsünlər ki, xalqımız qədirbilən və ədalətlidir. Tofiq Yaqublunun şərlənməsini qəbul etmir, Tofiq Yaqublu və bütövlükdə siyasi məhbusların azadlığı üçün mitinq meydanlarını doldurmağa hazırdır. Anlasınlar ki, Tofiq Yaqublunun həbsxanada öldürülməsi ölkə üçün çox ciddi problemlər yaradar.
Yetər ki, xalq olaraq gücümüzü bilək. Əmin olun ki, biz özümüzə inananda, gücümüzü biləndə nəinki siyasi məhbusları, hətta bütövlükdə Azərbaycanı da xilas edə bilərik və bir gün mütləq xilas edəcəyik!” – AXCP sədri Əli Kərimli yazır.