Türkiyə Paşinyanın mövqeyinin barışdan yana olduğunu, onun Azərbaycanla münasibətlərdə sülhə xidmət edən siyasət yürtməsini görür və təqdir edir.
Bu fikirlərin müəllifi Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkə arasında aparılan müzakirələrin sülh müqaviləsi ilə nəticələnməsi üçün öz dəstəklərini göstərməyə hazır olduqlarını bildirib. Bu yanaşma Rusiya ilə Türkiyənin Cənubi Qafqaz siyasətini diametral şəkildə fərqləndirən əsas ayrıclardan biri hesab olunur
Türkiyənin bu mövqeyi Azərbaycan hakimiyyətini də çətin seçim qarşısında qoyur. Çünki Azərbaycan hakimiyyəti indiyə qədər müxtəlif tələblər irəli sürərək Ermənistanla aparılan sülh danışıqlarını uzatmağa çalışırdı. Bu vəziyyət Rusiyanın regionda qalmaq maraqlarına uyğun olduğu üçün Moskva bu məsələdə Bakının mövqeyini açıq səkildə dəstəkləyirdi. Hətta sülh danışıqlarında Qərbin vasitəçilik səylərinin boşa çıxarılması üçün uzun müddət idi ki, iki ölkə diplomatik və siyasi səylərini birləşdirərək müttəfiq kimi hərəkət edirdilər. Belə təəssürat yaranırdı ki, Qərblə geosiyasi savaşda Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı movqelərini qoruyurb saxlamaq üçün öz üzərinə qeyri rəsmi bir vəzifə götürüb. Başı Ukraynada dərddə olan Rusiya Azərbaycanın köməyi ilə regionda mövcud status-kvonun qoruyub saxlamaqla, Qərbin və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə mane olmağa çalışırdı.
Hakan Fidanın yuxarıdakı açıqlamasından belə görünür ki, məlum təyyarə hadisəsindən sonra Azərbaycan Türkiyə ilə yenidən yaxınlaşmaq istəyirsə, gərək Ermənistanla sülh müzakirələrinə də münasibətini də dəyişsin. Bu baxımdan İlham Əliyevin son müsahibəsində məlum fikirləri səsləndirməsindən sonra dünən Hakan Fidanın sanki onu təkzib edirmiş kimi Paşinyanın mövqeyini sulhə xidmət edən bir yanaşma kimi təqdir etməsi görünür heç də təsadüfi deyil. Bununla Ankara prosesi uzatmadan iki tərəf arasında sülh müqaviləsinin tezliklə imzalanmasını istədiyini nəzərə çatdırır. Çünki Türkiyə hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu həm onun yeni yaranacaq təhlükəsizlik arxitekturasında əsas qarantorlardan bir kimi çıxış edərək regionda rolunu güclənməsinə və Ermənistanla əlaqələr quraraq Cənubi Qafqazda öz təsir imkanlarını artırmasına kömək edər.
Xatırladaq ki, ötən ilin yayından Azərbaycan Ermənistanla sülh müqaviləsi üçün konstitusiya dəyişikliyi tələbini irəli sürdüyü vaxt Türkiyə Prezident Adminstrasiyası ayrıca bəyanat yayaraq İrəvanla ilkin qeyd şərt olmadan danışıqlara başlamağa və münasibətləri normallaşdırmağa hazır olduğunu bildirmişdi. Ankaranın bu yolla danışıqlarda konstitusiya dəyişikliyi tələbi irəli sürən Azərbaycana siyasi təzyiq etməsi, o vaxt Azərbaycanla münasibətlərin soyumasına səbəb olmuşdu. Görünür Azərbaycanın yenidən Türkiyə ilə yaxınlaşmaq istədiyi bir vaxtda Ankara bu dəfə də Hakan Fidanın dili ilə yenidən öz tələbini xatırladaraq bu yaxınlaşmanın şərtini diqqətə çatdırmaq istəyir.
Fuad Qəhrəmanlı