Bayden Administrasiyası Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini sona qədər davam etdirəcək.
“Bu, əvvəlki kimi bu administrasiya və dövlət katibi Antoni Blinken üçün həyati əhəmiyyət kəsb edən sahədir və biz vəzifədə olacağımız son günə qədər bunun üzərində işləməyə davam edəcəyik”, bu barədə dekabrın 19-da keçirilən ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan agentliyinin sualına cavabda bildirib.
“Azərbaycan və Ermənistan sülh səyləri. Siz bu sülh səylərinə böyük sərmayə qoymusunuz. Və siz mənə dəfələrlə tribunadan dediniz ki, bu, Dövlət katibini şəxsən maraqlandıran mövzudur. Səylərinizin nəticəsiz qalması sizi nə dərəcədə məyus edir?” sualına Vedant Patel belə cavab verib.
“Biz məyusluqlar üzərində dayanmamağa çalışırıq və sadəcə olaraq öz işimizi davam etdiririk. Dövlət katibi Blinken həmişə deyir ki, bəhrəni görmək üçün günlərlə ciddi iş tələb olunur”, 0 qeyd edib.
Bu il sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Dövlət Departamentinin yaydığı açıqlamaya əsasən, söhbətin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında “dayanıqlı və şərəfli” sülhə doğru səylər olub.
Bundan öncə, sentyabrın 12-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Telefon danışığı zamanı Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib. Dövlət katibi həmçinin tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.
Azərbaycan prezidenti İlham Əliyev isə daha öncə sazişin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını vurğulayıb.