Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır.
Beynəlxalq hüquq müdafiə təşkilatının 2023-cü ilin sonlarından 2024-cü ilin 1 dekabr tarixinədək apardığı siyahıyaalma Azərbaycanda 13 jurnalist və media əməkdaşının həbs olunduğunu göstərir.
Ancaq bura “Meydan TV” xəbər saytının həmin tarixdən sonra həbs edilən 6 jurnalistini, habelə yanvarın 17-də həbs edilən “Toplum TV” jurnalist Fərid İsmayılovu əlavə etdikdə rəqəmlər daha da artır.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.
Hesabatda ötən il dekabrın 1-də dünyada 361 jurnalistin dəmir barmaqlıqlar arxasında olduğu, 2022-ci ildə qeydə alınmış qlobal rekorddan (ən az 370 nəfər) bəri ən pis nəticənin qeydə alındığı bildirilir.
Çin, İsrail, Tunis və Azərbaycan da daxil olmaqla bir çox ölkələrin həbslərin sayına görə yeni rekordlar müəyyənləşdirdiyini vurğulayan müəlliflər, ötən il ərzində jurnalist həbslərinin əsas amillərini avtoritar repressiya, müharibə, siyasi və ya iqtisadi qeyri-sabitlik olduğunu göstərirlər.
CPJ-nin baş direktoru Codi Ginsberq fikrincə jurnalistlərə qarşı hücumların artması demək olar ki həmişə digər azadlıqlara, o cümlədən məlumat vermək və almaq azadlığı, sərbəst toplaşmaq, hərəkət etmək və etiraz etmək azadlıqlarına qarşı hücumların artmasından əvvəl baş verir.
“Bu jurnalistlər gündəlik həyatımızda vacib olan məsələləri – siyasi korrupsiyanı, ətraf mühitin deqradasiyasını, maliyyə pozuntularını ifşa etdiklərinə görə həbs edilir və cəzalandırılır”, Codi Foster qeyd edib.
Hesabatda Azərbaycanda ötən il ərzində həbs edilən jurnalistlərinin əksəriyyətinin ölkədə qalan son müstəqil media orqanlarının, o cümlədən yüksək rütbəli dövlət məmurlarının korrupsiya əməllərini araşdıran “Abzas Media” xəbər saytının əməkdaşları olduğu bildirilir.